"Yer üzündə Romeo və Culyettanın hekayəsindən kədərli hekayə yoxdur…". Bu sözlər həm müəllifi Vilyam Şekspirə, həm də kiçik italyan şəhəri Veronaya dünya şöhrəti gətirdi. "Aysel" jurnalının verdiyi məlumata görə, ildə iki dəfə Verona dünyanın hər bir yerindən gələn sevgililərlə dolur: biri sentyabrın 16-sı - Culyettanın ad günündə, biri də fevralın 14-ü - Sevgililər günündə. Bu şəhər qonaqları qarşılamağa həmişə şaddır və onlar üçün maraqlı tədbirlər proqramı hazırlamağı da unutmur. Ən populyarı isə əlbəttə ki, "Romeo və Culyetta" tamaşasıdır. Tamaşaçılar aktyorların misilsiz oyununa baxmaqla yanaşı, pyes qəhrəmanlarının evini gəzə, hətta Culyettanın məqbərəsini ziyarət edə bilərlər. Minlərlə turist üçün Şekspirin əsərindəki hadisələrin real olmaması faktı önəmli deyil, onlar üçün əbədi məhəbbət ideyası vacibdir.
Şopinq:
Verona - İtaliyanın əsasən dəri məmulatları və ayaqqabı istehsalçılarındandır. Bu tip məhsulları həm mərkəzdəki mağazalardan, həm də fabriklərdəki satış şöbələrindən əldə edə bilərsiniz. Veronada yerli və xarici malların satıldığı butik və mağazaların sayı çoxdur. Şopinqin ən populyar məkanı Corso Santa Anastasia adlı qədim küçədir. Bu küçədə olan butiklərdə aparıcı italyan dizaynerlərinin ən son kolleksiyalarından yeni modelləri əldə etmək mümkündür. Via Mazzi adlı başqa küçədə də İtaliyanın ən populyar markaları satılır. Burada şopinq etməklə bərabər maraqlı gəzinti də həyata keçirə bilərsiniz. Veronada eleqant klassik geyimləri Corso Porta Borsari küçəsində, suvenirləri isə Culyettanın Evinin yanından əldə etmək olar. Əgər əntiq əşyalar, incəsənət əsərləri və yerli ustaların əl işlərilə maraqlanırsınızsa, San-Zeno meydanına yollanmalısınız. Yadda saxlayın ki, mağazalar saat 12:30-dan 15:30-dək fasilə edir. Həmçinin İtaliyadan "Culyettanın öpüşü" və ya "Romeonun nəfəsi" adlı pirojna gətirmək məsləhətdir.
Mətbəxi:
Verona mətbəxi dəniz məhsullarından hazırlananş xörəklərlə və desertlərlə məşhurdur. Verona təamları ilə bütün dünyada məşhurdur. Burada olarkən nyukki - müxtəlif souslarla süfrəyə verilən kartof, ənənəvi birinci yemək sayılan rizotto, müxtəlif souslu qarğıdalı yarması polento, parmezan pendiri, çörək, bulyon və bel sümüyündən hazırlanan assorti, amarone - çaxırda bişirilmiş mal əti, spagetti, sarımsaq və toyuğun döş əti ilə bərabər bişirilmiş balığın dadına baxmağı unutmayın. Veronaya baş çəksəniz şirniyyatları yemədən buranı tərk etməyin. Ən məşhur desertlər - croccante adlı badamlı peçenye, yeni il kökəsi Pandoro, pasxa keksi Colomba və Sbrisolona tortudur.
Görməli yerləri:
Verona İtaliyanın məşhur şəhərlərindəndir. Ən başlıcası isə bura ölməz sevgililər Romeo və Culyettanın şəhəridir. Onları XIII əsrə aid Culyetta Kapulettinin Evi və XII əsrə aid Romeo Montekinin Evi xatırladır. Hər il buraya Culyettaya məktub yazmaq, evinin divarına ürək rəsmi çəkmək və sevgililərin son məkanını ziyarət etmək üçün milyonlarla turist gəlir. Culyettanın Evi bazart ertəsindən başqa, hər gün saat 7:30-dan 18:45-dək açıq olur. Evdə hər şey o dövrün ab-havasına uyğun dizayn olunub. Evin yalnız bir, amma çox məşhur olan eyvanı var. Həyətdə isə Culyettanın bürüncdən fiquru qoyulub. Romeonun Evinə isə yalnız xaricdən baxmaq mümkündür. Veronaya səyahətinizi San Françesko monastırına baş çəkmədən tam hesab etmək olmaz. Bura iki sevgilinin gizli nikaha girdiyi yer və sonunda dəfn edildiyi məkandır. Monastırın həyətində böyük yazıçı Şekspirin büstü qoyulub.