Bu barədə musavat.com-a Dövlət Bayrağı Meydanının ətrafında yaşayan insanlar məlumat veriblər. Onlar sözlərinə görə, artıq dövlət bayrağının qülləsi əyilib və onun aşacağı ehtimalı böyüyüb. Bu üzdən dövlət strukturlarının səlahiyyətliləri yaxın ətrafda yaşayan insanları evakuasiya edir, yataqxana və otellərdə yerləşdirirlər.
Hadisə yerində olan mənbədən verilən xəbərə görə, bayraq meydanında ucaldılan bayraq artıq endirilib. Ərazidəki 9 mərtəbəli binadan sakinlər çıxarılıb. Onlara binanın qəzalı vəziyyətdə olması, bu üzdən köçürüldükləri bildirilib. Əraziyə xeyli sayda polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin işçiləri cəlb olunub. Ərazi mühasirəyə alınıb və insanları yaxınlığa qoymurlar. Hadisə yerində çəkiliş aparan “Azadlıq” qəzetinin reportyoru Ramin Deko polis tərəfindən saxlanılıb. Onun çəkdiyi şəkilləri fotoaparatdan silinib.
"Yeni Müsavat"ın reportyoru sözü gedən nahiyəyə ezam olunub və ondan səhih və təfərrüatlı xəbər alınca diqqətinizə yetirəcəyik.
Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub.
Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti-quraşdırma və abadlaşdırma işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu il üçün dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 mln. manat vəsait ayrılmışdı.
Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
Amerika Birləşmiş Ştatlarının “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.