Ailədə istedadlı uşağın olması ailədən uşağa qarşı diqqət və qayğı tələb edir. Ona görə də ailədə, uşaq bağçasında həmin uşağa diqqətlə yanaşılmalı, onda kollektivçilik təlabatlarının formalaşmasına üstünlük verilməlidir. Hər bir uşağın özünəməxsus qabiliyyəti var. Bəzi uşaqlarda bütün qabiliyyətlərin hamısı yüksək səviyyədə inkişaf edir. Çox az uşaqlarda qabiliyyət aşağı səviyyədə olur. Əksər uşaqlarda isə qabiliyyət orta səviyyədə, bir-iki qabiliyyət isə zəif inkişaf etmiş olur. Görkəmli psixoloq Qardnerə görə heç bir qabiliyyət təcrid olunmuş formada mövcud deyil. Qabiliyyət qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Alimin fikrincə, hər bir şəxsi ruhlandırdıqda, ona düzgün təlimatlar verdikdə onda səkkiz qabiliyyəti lazımınca inkişaf etdirmək olar. 8 qabiliyyət aşağıdakılardır: 1. Verbal qabiliyyət - adları, yerləri asanlıqla yadında saxlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənə bilir, dil bacarıqları haqda söhbət edə bilir, dilin funksiyalarını başa düşür, sözlərlə zəngin oyunları sevir, oxumağı xoşlayır, yazmağı sevir, çoxlu sual verir, danışmağı xoşlayır. 2. Məntiqi riyazi qabiliyyət - bulmacaları həll etməyi xoşlayır, rəqəmlərlə oynayır, əşyaları qruplaşdırmağı xoşlayır, işlərin necə getdiyini bilmək istəyir, qaydalı fəaliyyət yönümlüdür, əşyaları toplamağı sevir, riyaziyyatı sevir, problemə yanaşmağı xoşlayır. 3. Bədən qabiliyyəti - bədən dilini oxuyur, predmetləri asanlıqla manipulyasiya edə bilir, əl, göz kordinasiyasına malikdir, problemi icra etməklə həll edə bilir, yaxşı ritm hissinə malikdir, yaxşı müvazinət hissənə malikdir, fikirlərini jestlər vasitəsilə çatdıra bilir, sənətkarlıq qabiliyyəti var. 4.Vizual fəza qabiliyyəti - xəritələri şərh edə bilir, yerləri təsvirə və şəkillərə əsasən yadda saxlayır, mexaniki şəkildə bacarıqlıdır, əşyaları yaxşı təsəvvür edir, şəkil çəkməyi xoşlayır, əşyaları quraşdırmağı xoşlayır, mexaniki olaraq cızma-qara etməyi xoşlayır, detalları asanlıqla duyur. 5. Musiqili ritmik qabiliyyət - tıqqıltını duyur, melodiya ahəngini yadında saxlayır, musiqini xoşlayır, səsi hiss edir, səslərə qarşı həssasdır, musiqini dodaqaltı mızıldayır, ritmlə tərpənir, səsləri bir-birindən ayırır, ritmlə hərəkət edir. 6. Şəxsiyyətlər arası qabiliyyət - həmyaşıdları tərəfindən sevilir, yaxşı əlaqə qurur, başqalarının hisslərinə şərik olur, liderlik bacarığını nümayiş etdirir, insanları yaxşıbaşa düşür, başqaları üçün yaxşı məsləhətçi rolunu oynayır. 7. Şəxsiyyət daxili qabiliyyət - hisslərini bildirə bilir, güclü və zəif cəhətlərindən xəbərdardır, öz maraq məqsədlərini güdür, orijinal olmağı sevir, qarşısına müvafiq məqsədlər qoyur, ambisiya uğrunda çalışır, özünü yaxşı başa düşür, öz bacarıqlarına inanır. 8. Naturalistik qabiliyyət - təbiət hadisələrini dərk edir, quşları seyr etməyi, ağacları öyrənməyi, həşaratları toplamağı, açıq havada işləməyi xoşlayır, həvəskar astranomdur, heyvan saxlayır, bitki yetişdirir.