«Mən
həmişə öz xanımlarıma sadiq olmuşam. Onları sevib evlənmişəm. İndi də
hamısını eyni dərəcədə sevirəm».
Nigeriyada yaşayan 86 yaşlı Bilalu Masaba növbəti dəfə arvad alıb.
«Ekspress qazeta» yazır ki, bu, onun sayca …86-cı arvadıdır. Baxmayaraq
ki, şəriət bir kişinin eyni vaxtda 4-dən artıq xanımının olmasını
qadağan edir, Masaba həyat yoldaşları və 138 övladının əhatəsində özünü
xoşbəxt hiss edir. O, «ən zəif yeri olan qadınlara məhəbbətdən» vaz keçə
bilmədiyini etiraf edir.
«Mən həmişə öz xanımlarıma sadiq olmuşam. Onları sevib evlənmişəm. İndi
də onların hamısını eyni dərəcədə sevirəm», - deyə qocaman ər bildirib.
Qəribədir ki, Masaba vaxtilə çoxarvadlılığa görə şəriət qanunları ilə
mühakimə edilib və onun yalnız 4 qadınla rəsmi nikahda qalmayacağı
təqdirdə, edam olunacağı elan edilib. Amma qoca məhkəmə qarşısında
təsiri çıxışı ilə hakimlərin ürəyini yumşalda bilib. O, bəyan edib ki,
həyat yoldaşlarından üz döndərməkdənsə, edam olunmağı üstün tutur.
Bundan sonra məhkəmə Masabanı bağışlayıb.
«Hər il bizim kəndə onlarla əcnəbi turist gəlir. Onlar məni dünyanın
bütün kişilərinə nümunə saydıqlarını bildirirlər. Məndən bu yaşda bütün
qadınlarımla necə «bacardığımı» da soruşurlar. Sirri heç kimdən
gizlətmirəm: gündə 10 avokado (Afrikaya xas meyvə), qidalanmada sadəlik,
siqaret, narkotik və spirtdən uzaq olmaq, kənddə, təmiz havada
yaşamaq», - deyə «qəhrəman ata» bildirib.